AzVision.az-ın “Nəyi dəyişərdin?” rubrikasının budəfəki həmsöhbəti şair Aqşin Yeniseydir. Yazar keçmişə qayıtmaq şansı olarsa, həyatında nəyi dəyişmək istədiyindən danışıb.
Anamla əkiz həyatı yaşamışam
“İmkanım olsaydı, yenidən ana bətninə qayıdardım, bir də çölə çıxmazdım. Ailə, məişət məsələlərilə məşğul olmaq istəməzdim. 50 yaşıma qədər elə anamın qarnında qalardım. Sonra da onun qarnında ikimiz - ana-bala bir yerdə ölüb gedərdik.
Mənim uşaqlığım ana həyatı kimi keçib. 10 uşaq olmuşuq - 8 qardaş 2 bacı. Evin böyük övladı olmuşam. Anam da bir ucdan doğub töküb həyətin ortasına. Onlara analıq etmişəm. Balaca uşaqların hamısına baxmalı olmuşam. Birini çiynimdə, birini belimdə gəzdirmişəm. Atam tez rəhmətə getdi deyə, o uşaqların bütün problemlərinin hamısını daşıdım. Anamla əkiz həyatı yaşamışam. Bir ana o olub, biri də mən olmuşam. Buna rəğmən, geriyə qayıtsaydım, yenidən ailəmin məsuliyyətini daşıyardım”.

Arzu, ümid... heç birinin arxasınca qaçmıram
“Mən yazılarımda da yazmışam ki, tələbəliyim də xüsusi təmtaraqla keçməyib. Adi yataqxanada qalmışam, gündüz oxuyub, gecə işləyib evə pul göndərmişəm. Mənim tələbəliyim 6 il belə keçib.
Ancaq bu, o demək deyil ki, taleyimdən şikayət edirəm. Mən deyinmirəm ki, niyə tələbəliyim və ya uşaqlığım belə keçib. Balaca qurd balasının həyatı kimi, zəhmət hesabına yaşamışam. Acanda yemişəm, tox olanda da gedib yuvama girmişəm.
Eh, o qədər arzularım olub ki, hamısı da kökündən məhv olub. Ona görə də artıq arzu , ümid,bu kimi cürbəcür sözlər var ey onların heç birinin daha arxasınca qaçmıram. Onlar ilə münasibətlərimi aydınlaşdırmışam”.
Keçmişdə elə murdarlıqlar var ki...

“Heç nəyi dəyişmək istəməzdim. Olan həyatımız, taleyimiz budur da. İnsanın əlində belə bir hüquq, ilahi dəyər, güc yoxdur ki, keçmişini dəyişsin. Ona görə də, mənə elə gəlir ki, həyat elə bu şəkildə də davam etməlidir. Arxada nə varsa, arxada da qaldı. Mən, ümumiyyətlə, keçmişə qayıtmaq istəmirəm. İnsan həmişə irəli baxmalı, irəli getməlidir. Keçmişdə elə murdarlıqlar var ki, heç onlara baş qoşmaq istəmirəm. Ona görə, mən gözümü ancaq qabağa dikmişəm.
Bəzi heyvanların gözləri başının kənarında olur. Çünki onlar arxadan gələn təhlükəni gözləməlidilər. Amma elə heyvanlar da var ki, onların gözləri birbaşa irəli baxır. Bax, indi dediyim məsələdə gözlərim həmişə irəli baxır. İndi o, məni təhlükəyə aparıb qərq edəcəksə, eybi yoxdur; yox, xilas edcəksə, lap yaxşı. Amma ora-bura baxan adam deyiləm. Düzdür, keçmiş gələcəyi müəyyənləşdirir. Xalqların da, insanların da taleyində belədir. Sənin düz-əməlli keçmişin yoxdursa, deməli, düz-əməlli gələcəyin də olmayacaq. Ona görə də, mən keçmişdən aldığım dərslərdən ibrət götürüb deyirəm ki, keçmişimə bələdəm, indi məni gələcəyim maraqlandırır”.

Şahanə RƏHİMLİ







Vaxtında, Aydın, Lazımlı!


